Almaniyada iş imkanları
Almaniyada iş imkanları

Almaniyanın iş bazarı

Avropanın aparıcı iqtisadiyyatı kimi Almaniya eyni zamanda böyük iş bazarına sahibdir. Almaniyada əhali zaman keçdikcə yaşlanır və onları əvəz edəcək gənc nəsil yetişmir. Təqaüdə çıxan yaşlıları iş yerlərində əvəz edəcək gənclər az saydadırlar və bu da onunla nəticələnir ki, pensiya fondu, vergilər və tibbi sığortaya ödənən maliyyə vəsaitlərinin miqdarı azalır. Sosial iqtisadiyyatı olan Almaniya ödənən vergilərdən asılıdır və iş yerlərinin mütəxəssislər tərəfindən tutulması çox vacibdir. Xüsusən təqaüd məsələsi alman dövlətini narahat edir, çünki təqaüd sistemi “nəsil müqaviləsi”-nə əsaslanır. Bir sözlə, hazırda çalışan gənclər yaşlıların təqaüdünü ödəyir və növbəti nəsil də bu gənclərin təqaüdünü ödəməlidir. Bu sistemin ayaqda durması üçün yetərincə gənc işçi qüvvəsinə ehtiyac var.

Almaniyada tələbatda olan sahələr

Almaniya iş bazarında bəzi sahələr böyük tələbatdadır və həmin sahələrdə iş tapmaq çətinlik törətmir. Bu sahələr daha çox tibb (həkim, tibb bacısı, qocalara qayğı və s.), texniki sahələr (mexatronika. mühəndislik, elektronika və.s) və İT sahəsi daxildir. Bu sahələrə müraciət etmək sizin Almaniyada şansınızı artırır.

İşə uğurla müraciət etmək üçün düzgün qaydada CV, motivasiya məktubu və digər sertifikatlarınızı hazırlamalısınız. Bu prosesdə ən vacib faktorlardan biri sizin əvvəlki iş yerlərinizdən aldığınız tövsiyyə məktublarıdır. Alman dilində ona “Arbeitszeugnis” deyilir və orada sizin çalışdığınız müddətdə gördüyünüz işlər və sizin şəxsi keyfiyyətləriniz təsvir olunur. Normalda bu tövsiyyə məktubu 2-3 səhifədən ibarət olur və Almaniyada sizi işə götürəcək şirkət sizin bacarıqlarınız haqqında bu sənəd vasitəsi ilə məlumatlandırılır. Azərbaycanda bu tövsiyyə məktubu çox zaman işçilərə verilmir və ya veriləndə isə qısa məlumat şəklində təqdim olunur. Bu məsələyə diqqət yetirmənizi tövsiyyə edirik.

Almaniya üçün hazırlanan CV və motivasiya məktubu məzmun baxımdan fərqli olur və bu səbəbdən peşəkarlarla məsləhətləşmənizdə fayda vardır. Bundan əlavə dəvət alacağınız halda özünüzü intervyuya düzgün şəkildə hazırlmalısınız. Bəzi mövzulara intervyu zamanı toxunmaq olmaz və qarşı tərəfin verdiyi suallar da düzgün şəkildə cavablandırılmalıdır.

Humboldt Alman dili mərkəzi sizi Almaniyada iş tapmağınızda dəstəkləyir. Əlavə məlumat üçün bizə müraciət edə bilərsiniz!